СДЕЛАЙТЕ СВОИ УРОКИ ЕЩЁ ЭФФЕКТИВНЕЕ, А ЖИЗНЬ СВОБОДНЕЕ

Благодаря готовым учебным материалам для работы в классе и дистанционно

Скидки до 50 % на комплекты
только до

Готовые ключевые этапы урока всегда будут у вас под рукой

Организационный момент

Проверка знаний

Объяснение материала

Закрепление изученного

Итоги урока

Mən Şirvan şəhər sakiniyəm …

Категория: История

Нажмите, чтобы узнать подробности

Doğma Şirvan şəhərinin 60 illik yubileyinə ithaf edilir. Şəhərlər də insanlar kimidir. Onlar da yaranır, adlanır, boya-başa çatır. Onların da bəxti, taleyi, əvvəli-axırı olur. Bir şəhər günü-gündən artdıqca, genişləndikcə onun tərcümeyi- halı da zənginləşir, şaxələnir.

Просмотр содержимого документа
«Mən Şirvan şəhər sakiniyəm …»

Mən Şirvan şəhər sakiniyəm …

Doğma Şirvan şəhərinin 60 illik yubileyinə ithaf edilir.

Şəhərlər də insanlar kimidir. Onlar da yaranır, adlanır, boya-başa çatır. Onların da bəxti, taleyi, əvvəli-axırı olur. Bir şəhər günü-gündən artdıqca, genişləndikcə onun tərcümeyi- halı da zənginləşir, şaxələnir. Şirvan (Əli Bayramlı) birdən-birə şəhər olmayıb. Şirvan ətəyində yerləşən bu sənaye şəhərinin maraqlı tarixçəsi var. Arxeoloji qazıntılar zamanı üzə çıxan maddi-mədəniyyət abidələrinin şahidliyinə görə bu yerlər qədim insan məskənləri olub. Zaman-zaman Kür çayı boyunca keçib-gedən ticarət karvanları bu yerlərdə izlərini qoyub (Maraqlı məlumat: məhşur yunan tarixçisi və coğrafiyaçısı e.ə. 63 - eranın 24-cü illərində yaşamış Strabon Albaniyada 29 şəhərin adını çəkir. Bu şəhərlərdən biri də Kürran şəhəri olmuşdur. Görəsən Kürran şəhəri harada yerləşmişdir?). Əli Bayramlı rayonu - Azərbaycan Sovet Sosialist Respublikasında 1930-1963-cü illərdə inzibati vahid kimi fəaliyyət göstərmişdir. İnzibati mərkəz Əli Bayramlı şəhəri olmuşdur. Əli Bayramlı rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 24 yanvar 1939-cu il tarixində Əli Bayramlı rayonunun 5 kənd sovetliyi Qazıməmməd rayonuna birləşdirilmişdir. 3 aprel 1952-ci ildən 23 aprel 1953- cü ilə qədər Əli Bayramlı rayonu Bakı vilayətinin tərkibində olmuşdur. 4 dekabr 1959-cu il tarixində Qazıməmməd rayonu ləğv edilmiş, ərazisi Əli Bayramlı rayonuna birləşdirilmişdir. 1961-cı il tarixli məlumata görə rayona 2 şəhər (Əli Bayramlı və Qazıməmməd şəhərləri), 1 şəhər tipli qəsəbə (Qaraçala) və 16 kənd sovetliyi (Azadkənd, Atbulaq, Vladimirovka, Güdəcühür, Kalinovka, Qarabağlı, Qarasu, Minbaşı, Moranlı, Muğan Gəncəli, Navahı, Rəncbər, Udulu, Xələc, Çöl Beşdəli, Şıx Salahlı) daxil olmuşdur. Əli Bayramlı rayonu 4 yanvar 1963-cü il tarixində ləğv edilmiş, ərazisi Sabirabad, Salyan rayonları və Əli Bayramlı şəhər soveti arasında bölünmüşdür.

1939-cu il siyahıyaalınmasına görə Əli Bayramlı rayon əhalisi 34 734 nəfər olmuşdur. Onların 76,4%-i azərbaycanlı, 18%-i rus, 2,1%-i ukraynalı, 1,1%-i isə ləzgi olmuşdur. 1959-cu il siyahıyaalınmasına görə isə Əli Bayramlı rayonunun əhalisi 76 446 nəfər olmuşdur.

Əli Bayramlı şəhəri haqqında qısa məlumat

Deyilənlərə görə, indiki Əli Bayramlının yerində ilk yaşayış məskənini XVIII əsrin ortalarında Şamaxının Ərəbşahverdili kəndindən buraya köçənlər salıb. Bu kəndin adı “Ərəbşahverdili” olsa da rəsmi sənədlərdə “Zubovka” qeyd edilmişdir. Tarixdə “Qızılayaq Zubov” kimi tanınan çar generalı Valerian Zubov çariça II Yekaterinanın dövründə Qafqaza işğalçılıq məqsədilə göndərilən rus qoşunlarının komandanı idi. 1794-cü ildə Rusiyaya tabe olan Polşada üsyanın qəddarcasına yatırılmasına başçılıq edən və döyüşdə bir ayağını itirən Zubov çariçanın rəğbətini qazanmışdı. Ona II Yekaterinanın əmri ilə qızıldan protez hazırlanmışdı. Qaynaqların verdiyi məlumata görə general Zubov 1796-ci ilin qışını, yayda düşərgə saldığı Şamaxıdan enərək Cavad xanlığı ərazisində (indiki Şirvan şəhəri İsmət Qayıbov adına parkda) keçirərək, buradan Kür çayını keçib Ağa Məhəmməd xanla savaşa getməli di. Rus qoşunlarının qaldığı yerdə general yaşayış məntəqəsi salmaq barədə əmr vermişdi. Hətta gələcəkdə şəhər olacaq bu məntəqə II Yekaterinanın şərəfinə “Yekaterinoserd” adlanmalı idi. Lakin, II Yekaterinanın ölümü bu işi başa çatdırmağa imkan vermədi. Məntəqə isə “Zubovka” kimi sənədlərə düşdü. …

Azərbaycan sovetləşəndən sonra 1924-cü ildən bu ərazi “Zubovka”, sonra “Qırxçıraq”, daha sonralar isə “Əli Bayramlı” olur.. Bolşeviklər keçmişi qılınclayır, bütün miraslardan imtina edirdilər. O zamanlar şəhər, kənd adlarını dəyişib, adi xidmətləri olan inqilabçıların adını ünvana çevirmək dəbə düşmüşdü. Azərbaycanda bu iş yetərincə yerinə yetirilirdi. Kirovabad, Jdanov, Mirbəşir, Qasım İsmayılov, Qazıməmməd, Əli Bayramlı... Adı şəhərə verilən Əli Məmməd oğlu Bayramov 1889-cu ildə Lahıc kəndində doğulub. 1912-ci idə Gəncədə Mixaylovski adına peşə məktəbini bitirib, kapitan kimi Xəzər dənizində üzmüşdür. O, 1917-ci ildə bolşeviklərə qoşulur. Bakı Sovetinin deputatı olan Əli Bayramov 1918-ci ildə hərbiləşdirilmiş gəmidə tutulub, Salyan həbsxanasına salınır. O, buradan qaçıb, qayıqla Kür çayı ilə Zubovkaya gəlir və buradan Gəncəyə yollanır. 1920-ci ildə Bakıya dönən Əli Bayramov martın 10-da öldürülür…Göründüyü kimi, Əli Bayramov, adını daşıdığı yer üçün elə də bir iş görməyibdir. Lakin, hər zamanın bir hökmü var. Nəyi neçəyə almaq və satmaq vaxtın ixtiyarındadır. Əli Bayramlı rayonu 1930-cu il avqustun 8-də təşkil edilir və 1938-ci il noyabrın 29-da şəhər tipli qəsəbə, 1954-ci il iyulun 28-də rayon, 1963-cü il yanvarın 4-də isə respublika tabeliyində şəhər statusu alır.

Burada ilk böyük quruculuq işi 1917-ci ildə Kür çayı üstündəki taxta körpünün tikilməsi olub. Ağacdan düzəldilmiş bu körpü 1918-ci ildə ermənilərin Kürün bəri tərfinə keçməsinin qarşısını almaq üçün Hacı Mahmud tərəfindən yandırılır. 1924-cü ildə yeni dəmir körpünün bünövrəsi qoyulmuş, üç il sonra istifadəyə verilmişdir. Kür üzərindəki II körpü 1962-ci ildə tikilmişdir. …Şəhər Pambıqtəmizləmə zavodunun tarixi də əsrin əvvəllərinə gedib çıxır. Zavodun tikintisinə 1916-ci ildə başlanılsa da, iş 1925-ci ildə bitmişdir. Əli Bayramlının taleyində dönüş ili 1955-ci il oldu. Qırovdağda ilk neft kəşfiyyatı quyusunun fontan vurması ilə şəhərin bəxti açıldı. Əli Bayramlı neft şəhərinə çevrildi. Günü-gündən neft buruqlarının sayı artdı. Ölkəmizin müxtəlif bölgələrindən insanlar axın-axın neftin sorağına gəldilər.

Burada tapılan neft yataqları, ondan sonra tikilən elektrik stansiyası boz torpağı cana gətirmiş, yeni salınan yaşayış məskəni tez bir zamanda sürətlə inkişaf etmişdir. Burada yeni tikinti təşkilatları, sənaye müəssisələri yaradılmış, yaşayış evləri, ictimai binalar tikilmiş, qəsəbə böyümüş, bu gün də yerli əhalinin dediyi kimi, “Təzə şəhər” salınmışdır. Sənayenin sürətli inkişafı tez bir zamanda Şirvan şəhərini nəinki respublikamızda, hətta keçmiş SSRİ-də də tanıtmışdır. 1962-ci ildən Dövlət Rayon Elektik Stansiyasının ilk blokunun işə salınması ilə Əli Bayramlı həm də energetiklər şəhərinə çevrildi. Sonralar bu şəhər bütün sənət və peşə adamlarının fəaliyyət meydanına döndü. Burada bir-birinin ardınca sənaye müəssisələri, yaşayış binaları ucaldıldı. Tikilib qurulmuş Dəmir Beton zavodu (1960), Yağ ekstrat zavodu (1966), Süni Dəri zavodu (1969), Mexaniki Təmir zavodu (1969) 5 saylı Sənaye Kombinatı (1973), Cihazlar zavodu (1982), Avtomatika və Telemexanika Zavodu (1986) və başqa sənaye obyektləri uğur qazandılar. 2, 5, 9 mərtəbəli binalar şəhərə yeni, müasir görkəm verdi. Burada bir-birinin ardınca elm, təhsil, mədəniyyət obyektləri açıldı. Mədəniyyət Evi (1959), Musiqi məktəbi (1961), Pedaqoji Məktəb (1966), “Şirvan” Kinoteatrı (1967), “Energetik” stadionu (1975), Sənaye Texnikumu (1979), Mərkəzi şəhər Xəstəxanası (1981) və başqa tikililər Əli Bayramlının şəhər cizgilərini zənginləşdirdi. Əli Bayramlıda dövrün alqışladığı, şöhrətləndirdiyi və yüksək mükafatlandırdığı insanlar üzə çıxdılar. Hacı Teymurxanov, Qaraş Əmirov, Yarmed Yaralıyev, Akif Əmənov, Cansahib Babayev, Həsənağa Nəcəfov, Böyükkişi Vəliyev, Lazər Həsənov, Əhliman İsmayılov və çox-çox başqaları mətbuat, efir üçün maraqlı simalara çevrildilər. Əli Bayramlı şəhərinin tərcümeyi-halı, onilliklər boyu ictimai-siyasi və mədəni həyatı burada nəşr olunub, yayımlanan yerli qəzetlərdə geniş mənzərəsini tapmışdır. 1930-1961-ci illərdə “Muğan Sədası” qəzeti ardıcıl nəşr olunub. 1961-1962-ci illərdə “Pambıq Zərbəçisi”, 1962-1965-ci illərdə isə “Yüksəliş uğrunda” qəzeti başlanmış mətbuat işini davam etdirmişdir. 1965-ci ildə fəaliyyətə başlayan “İşıq” və “Mayak” qəzetləri daha geniş əhatəli və tutarlı nəşrlər sayılmalıdır. “İşıq” qəzeti Əli Bayramlı şəhərinin mətbuat ənənələrini və jurnalist səriştəsini hələ də qoruyub saxlamaqdadır.

Bu yazıda otuzuncu illərdən bəri Əli Bayramlıya rəhbərlik etmiş insanlar da xatırlanır. Çoxsunun adı yalnız arxiv sənədlərində qalmış bu adamlar ömürlərinin müəyyən hissəsini şəhərimizə sərf etmişdir. Əli Bayramlının yaxşısı da, pisi də onların ayağına yazılıb.

(P.S. Maraqlı məlumat: - Əli Bayramlıda təqribən 1930-cu illərdə katib işləmiş İmadi adlı raykom katibinin şəhər arxivində bir əmrinə rast gəlmişdim. Əmrdə yazılmışdı: - …Mən İmadi işə yarım saat gecikdiyim üçün özüm-özümə töhmət elan edirəm…). Bax belə rəhbər işçiləri olub şəhərimizin. …Əli Bayramlını Azərbaycan Kommunist Partiyası Rayon, sonra Şəhər Partiya Komitələrinin katibləri Əli Məmmədov (1936-1937), Qulam Nəsirov (1937-1940), Məmməd Əsədov (1940), Ağamirzə Əhmədov (1940-1941), İsgəndər Abbasov (1941-1948), Novruz Muradov (1948-1953), Əli Səfərov (1953-1961), Məmməd Məmmədov (1961-1963), Bilal Kərimov (1963-1971), Əkbər Novruzov (1971-1975), Hüseyn Qubadov (1975-1985), Adil Məmmədov (1985-1989), Ramiz Sərdərov (1989-1991) və şəhər icra hakimiyyəti başçıları Rahil Mehdiyev (1991-1992), Loğman Abdullayev (1992-1993), Əlizadə Alıyev (1993-1995), Sədaqət Qəhrəmanova (1995-2005), Mərdan Camalov (2005-2019) idarə etmiş və hazırda Şirvan şəhər icra hakimiyyəti başçısı İlqar Abbasov (2019-cu ildən indiyədək) idarə etməkdədir.

Vətəni dərindən sevmək üçün ilk növbədə bu vətənin bir hissəsi olan öz doğma diyarını sevməli, onun tarixini bilməli, hazırkı nailyyətləri ilə yaxından tanış olmalısan. Bu gün Şirvan şəhəri Azərbaycanın inzibati və iqtisadi xəritəsində müstəsna əhəmiyyət kəsb edən, on minlərlə insanın yaşadığı, çoxsahəli sosial-iqtisadi və mədəni obyektləri özündə birləşdirən sənaye mərkəzlərindən biridir. Hazırda Şirvan (Əli Bayramlı) şəhəri respublika tabeliyində şəhərdir. 2008-ci ilin may ayında Əli-Bayramlı şəhərinin adı dəyişdirilərək Şirvan şəhəri adlandı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 may 2008-ci il tarixli 2800 nömrəli Sərəncamına əsasən Əli Bayramlı şəhəri Şirvan şəhəri adlandırılmışdır. Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı sərəncamına əsasən Şirvan şəhərinin ərazisi 30 kv.km-dən 72,7 kv.km-ə qədər genişləndirilmişdir. Şirvan şəhəri Bakı şəhərindən cənub-qərbə avtomobil yolu ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrinin birləşdirən avtomobil və dəmir yolları, Kür çayı vasitəsilə su yolu Şirvan şəhəri ərazisindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları ilə həmsərhəddir. Əhalisi 01.01.2021-ci il tarixli məlumata görə 87.9 min nəfərdir.

Alman faşizminə qarşı müharibədə cəbhəyə getmiş 8600 nəfər həmyerlimizdən 7304 nəfəri geri qayıtmamışdır. Həmin dövrdə igidliklər göstərən minlərlə Şirvan sakinləri müxtəlif orden və medallarla təltif olunmuş, 1 nəfər şəhər sakini (Şirin Şükürov) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (P.S. Maraqlı məlumat: Əslində Əli Bayramlıdan Sovet İttifaqı Qəhrəmanı iki nəfər olmuşdur. Bu, ikinci şəxs Qaraçaladandır və milliyətcə rusdur). Qarabağ uğrunda gedən azadlıq savaşında şəhər gənclərindən şəhidlər olmuşdur ki, onlardan 3 nəfəri (Rafael Həbibov, Nofəl Quliyev və Tahir Bağırov) ölümdən sonra Milli Qəhrəman adına layiq görülmüşlər. Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn igidlərimiz isə tarixdə dərin iz buraxmışlar.

Qeyd edim ki, Ümummilli lider Heydər Əliyev 1970, 1979-cu illərdə Əli Bayramlı (indiki Şirvan) şəhərində şəhər ictimaiyyəti ilə görüşmüşdür. Müstəqil Azərbaycan tarixində 04 oktyabr 1998-ci ildə “Neftçi İdman-Sağlamlıq Mərkəzi”-nin açılışında iştirak etmişdir. Bu gün Şirvan şəhəri yeni inkişaf dövrünü yaşayır. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan və bu gün də icrası davam edən regional inkişaf dövlət proqramları çərçivəsində Şirvan şəhərində Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi, Gənclər evi, Cənub Elektrik Stansiyası, Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” və “Araz” zavodlarında xüsusi təyinatlı məhsullar istehsal edən 5 yeni bölmə, “Retro İnşaat” MMC-nin metaləritmə, sement, kərpic, kağız qablaşdırma zavodları, Yağ-Piy Kombinatı müəssisələri inşa edilmişdir. Sadalanan bu obyektlərin çoxunun təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. Bu illər ərzində cənab İlham Əliyev Prezident kimi Şirvan şəhərinə 8 dəfə səfər etmişdir. Həmin səfərlərin hər biri sənaye şəhərimizin inkişafında, problemlərinin həllində mühüm rol oynamışdır.

İstifadə edilmiş resurslar:

1. https://az.wikipedia.org/wiki/Əli_Bayramlı_rayonu

2. https://ali-bayramli.narod.ru/ab/tarix.html

3. http://www.shirvan-ih.gov.az/az/page/11.html

4. http://shirvan-ih.gov.az/az/umummilli-lider-heyder-eliyev-sirvanda.html

5. https://www.azerbaijan-news.az/posts/detail/sirvan-seheri-yeniden-regionun-senaye-merkezine-cevrilir-1637268597

Hazırladı:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).

Xülasə:

https://sinxronfenler.blogspot.com/2023/12/mn-sirvan-shr-sakiniym.html



Скачать

Рекомендуем курсы ПК и ППК для учителей

Вебинар для учителей

Свидетельство об участии БЕСПЛАТНО!